“Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması” layihəsi uğurla başa çatmışdır

372

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması” adlı layihəsi uğurla başa çatdırılmışdır.
Layihənin əsas məqsədi Cənub bölgəsinin ucqar dağ rayonlarında təhsil problemləri ilə üzləşən gənc qızların karyera imkanlarının, liderlik və idarəçilik bacarıqlarının artırılması yolu ilə onların inkişaf edən cəmiyyətə fəal inteqrasiya edə bilməsi və icmaların həyatında rolunun artırılmasına dəstək olmaqdan ibarət olmuşdur.
Bunun üçün 6 gün ərzində  Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad və Yardımlı rayonlarının hər birində 25 nəfər 15-17 yaş arası qızlar arasında 1 günlük təlimlər keçirilmiş, onlara müxtəlif formalarda çap materialları paylanmış və sujet xətti müvəffəqiyyət hekayələri əsasında hazırlanmış video roliklər nümayiş etdirilmişdir. Cəmi 150-dək şagirdin iştirak etdiyi təlimlər məzmunu və formatı ilə şagirdlərin marağına səbəb olmuş, onlarda təhsilin davam etdirilməsi və gələcək karyera ilə bağlı müsbət fikirlərin yaranmasına stimul verə bilmişdir.
Layihənin icraçısı Samir Axundov gənclərin təhsil sahəsindəki üzləşdikləri problemlərə diqqət çəkərək qeyd etmişdir ki, gənclər təşkilatlarının və digər İctimai birliklərin sayının az olduğu bölgələrdə gənclərin problemləri digər bölgələrlə müqayisədə daha çox olur və bənzər fəalyyətlərin bu rayonlarda həyata keçirilməsi nəticə baxımından daha əhəmiyyətlidir. Belə ki, burada yaşayan gənclərin üzləşdikləri sosialoji və psixoloji problemlərini həll edə bilməsi, müvəffəqiyyətlə çətinliklərin öhdəsindən gələ bilməsi və ən nəhayət həyatda uğur qazana bilməsi bəzən bilavasitə bu təşkilatların fəallığından asılı olur.