“Ədəbiyyat saatı” layihəsinə start verilib

249

İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə start verilib İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. “Ədəbiyyat saatı” layihəsinin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır. Layihə çərçivəsində ilk təlimlər Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 saylı internat məktəbində keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə jurnalist-yazar Vüsalə Məmmədova və yazar Sevinc Elsevər iştirak edib. Uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədi daşıyan təlimlərdə onlara uşaq ədəbiyyatı nümunələri oxunub. Sonra əsərləri təhlil edərək, müzakirələr təşkil olunub. Sonda uşaqlara kitablar paylanaraq, növbəti görüşdə müzakirəyə çıxarılacaq əsərlərin oxunması tövsiyə edilib. Təlimlərdə həm də uşaqları “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusu təqdim olunub. Dərginin növbəti sayında çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan olunub. “Ədəbiyyat saatı” layihəsi həm də uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyasına, fantaziyalarının zənginləşdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və peşə seçiminə yardımçı olmağı hədəfləyib.