Gənclərin biznes quruculuğuna dəstək təlimləri başladı

446

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin biznes quruculuğuna dəstək” adlı layihə çərçivəsində təlim proqramı başlayıb.
Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etməkdir.
İlk təlim proqramı Mingəçevir şəhərində start götürüb. Təcrübəli təlimçilər tərəfindən keçirilən proqramda biznes quruculuğuna maraq göstərən gənclər iştirak edirlər. Müraciət edənlər arasında tələbələr üstünlük təşkil edir.
Yaxın günlərdə Bakı və Gəncə şəhərlərində də eyni təlim proqramı keçiriləcəkdir.
Layihə çərçivəsində təlimlərlə yanaşı, gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili edilməsi, biznes idarəçiliyinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə hüquqi yardımların göstərilməsi, onlar üçün məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.
Qeyd edək ki, gənclərə biznes quruculuğu işində dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir.