“Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası başlayıb

300

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrasına başlanılıb. Layihə rəhbəri Yeganə Hüseynzadənin verdiyi məlumata görə, layihənin məqsədi ümumtəhsil məktəblərdəki yuxarı sinif qız şagirdlərin və rayonda yaşayan digər gənc xanımların ictimai-sosial həyatda aktiv, yaradıcı bir gənc kimi formalaşmasına yardımçı olmaq, gənclərin məsuliyyətli bir vətəndaş kimi inkişafı, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.
Layihə çərçivəsində ilkin olaraq Biləsuvar rayonunun aktiv gənclərindən ibarət könüllülər qrupu formalaşdırılacaqdır. Layihənin ikinci mərhələsində müsabiqə təşkil olunacaqdır. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən və digər gənc xanımlardan onların əl işlərinin qəbulu aparılacaqdır. Eyni zamanda qəbul zamanı müsabiqəyə dəvət olunmuş ekspertlər və xüsusi qonaqlar müsabiqəyə qatılmış gənc xanımlarla söhbət apararaq onlara öz töhvələrini verəcəklər. Onu da qeyd edək ki, layihənin həyata keçirilməsinə Biləsuvar rayon Gənclər və İdman idarəsi də yaxından kömək edəcəkdir. Məhz layihəin növbəti mərhələsində müsabiqə vaxtı bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyi və Biləsuvar rayon Gənclər və İdman idarəsinin dəstəyilə 5 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunacaq. Həmçinin ən maraqlı işlər mükafatlandırılacaq və müsabiqə qalibləri ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaq.