Gənclər Fondu 8-ci qrant müsabiqəsinə yekun vurdu

189

2016-cı il aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Toplantının gündəliyinə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 fevral tarixli Sərəncamının icrası istiqamətində görüləcək işlər, 8-ci qrant müsabiqəsinin yekunları, beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına və maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi, Fondun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili və s. məsələlər daxil edilmişdir.
İclasa sədrlik edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirmişdir ki, Avropa məkanında gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun təşəbbüsü ilə 2009-cu ildən etibarən hər il bir şəhər “Avropa gənclər paytaxtı” seçilir. İndiyədək bu titula Avropa İttifaqına üzv olan 7 ölkənin şəhərləri layiq görülmüşdür. 2013-cü il noyabrın 21-də Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilmişdir. Gəncə ilk şəhərdir ki, Avropa İttifaqına daxil olmayan ölkəni təmsil edir. Şübhəsiz, bu qərar qəbul edilərkən, Azərbaycanda gənclər siyasətində sahəsində qazanılmış uğurlar, gənclər təşkilatlarımızın beynəlxalq gənclər hərəkatındakı yeri və rolu, ölkəmizin qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi və digər amillər nəzərə alınmışdır. 2016-cı il ərzində Avropa gənclərinin diqqəti Gəncəyə yönələcəkdir. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinin nüfuzlu ada layiq görülməsini yüksək qiymətləndirərək, 2016-cı il  fevralın 24-də  “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, müvafiq tədbirlərin keçirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılmış, 9 nazirlik  və 2 dövlət komitəsinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üzərinə konkret vəzifələr qoyulmuşdur. Fonda tövsiyə edilmişdir ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun. Qeyd etmək lazımdır ki, Fond bir müddət öncə elan etdiyi 8-ci qrant müsabiqəsinin mövzuları sırasına Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüsləri də daxil etmişdir. Müsabiqə müddətində Gəncə şəhərində təhsil, məşğulluq, könüllülük, sosial rifahın yüksəldilməsi, cəmiyyət həyatında fəal iştirak və digər istiqamətlər üzrə təşəbbüslərini reallaşdırmaq istəyən yüzlərlə gənc və gənclər təşkilatı Fonda çoxlu sayda layihə təqdim etmişlər. Müşahidə Şurasının üzvləri 8-ci qrant müsabiqəsinin yekunlarının müzakirəsi zamanı Gəncə şəhərində icrası nəzərdə tutulan layihələrə üstünlük verilməsinin məqsədəuyğun olduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Gənclər Fondunun növbəti qrant müsabiqələrində də Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər bütün kateqoriyalar üzrə prioritet olmalıdır.
Gündəlikdə duran ikinci məsələ – 8-ci qrant müsabiqəsi barədə məlumat verən T.Süleymanov bildirmişdir ki, 2015-ci il dekabrın 18-dən 2016-cı il yanvarın 15-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1849 layihə təklifi daxil olmuşdur. Yanvar ayının ikinci yarısı və fevral ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilmiş, hər biri haqqında annotasiya və rəylər hazırlanmış, Bakı şəhərində və regionlarda 1000-dək müraciətçi ilə görüşlər keçirilmişdir.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəlmişlər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilmişdir. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 190 layihədən 144-nün, “B” kateqoriyası üzrə 17 layihədən 12-nin, “C” kateqoriyası üzrə 1642 layihədən 737-nin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 893 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 3 807 300 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur (layihələrin siyahısı 2016-cı il aprelin 11-də Fondun internet səhifəsində yerləşdiriləcəkdir). Verilmiş yekun qərara əsasən, gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsi dəstəklənmiş, həmin layihələrin icrası üçün 595.400 manat vəsait ayrılmışdır.
İclasda “Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihələri müzakirəyə çıxarılmışdır. Layihələri təqdim edən Fondun icraçı direktoru Fərhad Hacıyev və Beynəlxalq əlaqələr və strateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva bildirmişlər ki, “Müqavilə” və “Qaydalar”da bəzi texniki məqamlar əksini tapmadığına görə, müraciətlərin dəyərləndirilməsində və resipiyentlərdən hesabatların qəbulunda müəyyən problemlər yaranır. Bunları nəzərə alaraq, hər iki sənəddə bir sıra əlavə və dəyişikliklərin edilməsi təklif olunmuşdur. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir.
Gündəlikdə duran digər məsələ – Fondun fəaliyyətinin auditor yoxlaması barədə məlumat verən F.Hacıyev, yoxlamanın təşkili üçün Müşahidə Şurasının qərarının tələb olunduğunu  diqqətə çatdırmışdır. Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra, Fondun Nizamnaməsinə uyğun olaraq, 2016-cı ilin iyun ayında qurumun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili barədə qərar qəbul olunmuşdur.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini  Cavid Məmmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasib Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak etmişlər.