Gənclər Fondu 7-ci qrant müsabiqəsinin nəticələrini müzakirə etmişdir

114

2015-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 14-cü iclası keçirilmişdir. Toplantının gündəliyinə 7-ci qrant müsabiqəsinə yekun vurulması, ilin birinci yarısında gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin edilməsi istiqamətində görülmüş işlərin müzakirəsi və s. məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 7-ci müsabiqə çərçivəsində Fonda təqdim olunmuş layihələr barədə məlumat vermişdir. O bildirmişdir ki, 2015-ci il mayın 1-dən iyunun 1-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları, 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyası üzrə Fonda 1126 layihə  göndərmişlər. Müsabiqə başa çatdıqdan sonra Fondun əməkdaşları layihə təkliflərinin qeydiyyatını aparmış, onları kateqoriyalar üzrə qruplaşdırmış, daxil olan sənədlərin Müşahidə Şurasının təsdiq etdiyi formalara uyğunluğunu yoxlamış, resipiyentlərin əvvəlki müsabiqələr çərçivəsində icra etdikləri layihələrin hesabatlılıq vəziyyətini müəyyənləşdirmiş və fərdi layihələrin müəllifləri ilə söhbət aparmışlar. Texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlanmış və Müşahidə Şurasına təqdim edilmişdir. Ətraflı müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri “A” kateqoriyası üzrə  164 layihədən 111-nin, “B” kateqoriyası üzrə 16 layihədən 7-nin, “C” kateqoriyası üzrə  946 layihədən 350-nin dəstəklənməsini məqsədəuyğun saymışlar. 468 layihənin maliyyələşdirilməsi üçün 2.562.800 manat məbləğində vəsaitin ayrılması qərara alınmışdır (həmin layihələrin siyahısı 2015-ci il iyulun 24-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).
İclasda qeyd edilmişdir ki, fəaliyyət göstərdiyi 3 il yarım müddətində Fond ümumilikdə 2333 layihəyə dəstək vermiş və onların reallaşdırılması üçün 13,5 milyon manatdan artıq vəsait ayırmışdır. Fondun xətti ilə maliyyələşdirilmiş layihələr, ilk növbədə, intellektual  yarışların, festival  və olimpiadaların keçirilməsinə, incəsənətin müxtəlif  sahələri üzrə müsabiqə və sərgilərin təşkilinə, gənc sahibkar və fermerlərin bacarıqlarının artırılmasına, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının genişləndirilməsinə, ictimai davranış qaydalarının təbliğinə, yeniyetmələrin  vətənpərvərlik ruhunda tərbiyəsinə və fiziki inkişafına, Azərbaycan reallıqlarının və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2015-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat vermişdir. Bildirmişdir ki, 6 ay ərzində 27 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılmış, bu məqsədlə 23,8 min manatdan artıq vəsait ayrılmışdır.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasibi Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak etmişlər.