Gənclər Fondu 7-ci qrant müsabiqəsini elan etmişdir

190

2015-ci il aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Yığıncağın gündəliyinə yeddinci qrant müsabiqəsinin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi, gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısının təsdiq edilməsi və digər məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son 3 ildə keçirilmiş 6 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 1865 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün Fond tərəfindən 11 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirmişdir. Qeyd etmişdir ki, yeni müsabiqə də, əvvəlkilər kimi, ilk növbədə gənclərin intellektual, fiziki və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsinə yönəlmişdir. İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 9, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə 8 istiqamət təsdiq edilmiş, layihələrin təqdim olunması üçün 1 aylıq müddət (1 may – 1 iyun 2015-ci il) müəyyənləşdirilmişdir.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”da, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də bəzi dəyişikliklər edilmişdir. Dəyişikliklər, əsasən, “E” kateqoriyasının (təşkilati inkişaf qrantı) ləğv edilməsi, Fondun resipiyentləri sırasından xarici qeyri-hökumət təşkilatlarının çıxarılması, müsabiqələr zamanı layihə təkliflərinin təqdim olunması üçün müddətin 45 gündən 30 günə endirilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Daha sonra Fondun maliyyə dəstəyi ilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısı müzakirə edilmişdir. Müşahidə Şurasının üzvləri bu cür tədqiqatların aparılması üçün 25 ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya və s.) müəyyənləşdirmişlər.
Fondun icraçı direktoru Fərhad Hacıyev 6-cı qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat vermiş, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırmışdır.
Gündəlikdəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini  Cavid Məmmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Fondun baş mühasibi Elmar Talıblı iştirak etmişlər.