Gənclər Fondunun Müşahidə Şurasının 12-ci iclası keçirildi

28

2015-ci il fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov iclası açıq elan edərək, gündəliyin layihəsini diqqətə çatdırmışdır. Bildirmişdir ki, iclasda Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabata rəy verilməsi, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Gündəlik təsdiq edildikdən sonra, Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2014-cü ildə gördüyü işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ötən il ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün 2 qrant müsabiqəsi təşkil olunmuş, ümumilikdə 844 layihə maliyyələşdirilmişdir. Həmin  layihələrə 4.667.700 manat vəsait ayrılmışdır. Maliyyələşdirilmiş layihələr sırasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, region gənclərinin ictimai fəallığının artırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği, xüsusi qayğıya ehtiyacı olanların  dəstəklənməsi, Bakı 2015 – ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi, gənclərin elmi fəaliyyətinin təşviq edilməsi, incəsənət sahələri üzrə müsabiqələrin və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi kimi istiqamətlər üstünlük təşkil etmişdir. İl ərzində Fondun fəaliyyətinə maraq artmış, müraciət edənlərin sayı çoxalmışdır. Belə ki, Fondun rəsmi internet səhifəsində 105 000 daxilolma, “Facebook” sosial şəbəkəsində isə 35 500 istifadəçi qeydə alınmışdır. Təqdim olunmuş hesabatda 59 gəncin dünyanın müxtəlif ölkələrində keçirilmiş simpozium, konfrans, seminar və digər tədbirlərdə iştirakına maliyyə dəstəyinin verildiyi diqqətə çatdırılmış, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalarda təbliği baxımından həmin tədbirlərdə gənclərimizin təmsil olunmasının əhəmiyyəti vurğulanmışdır. Hesabatda Fond tərəfindən maliyyələşdirilmiş layihələrin Azərbaycanın 42 şəhər və rayonunda reallaşdırılması, beynəlxalq tədbirlərdə 29 ölkənin nümayəndələrinin iştirak etməsi və digər məsələlər barədə məlumatlar əks olunmuşdur. 2014-cü il ərzində layihələrin icra olunduğu şəhər və rayonlarda fondun əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş, aşkar edilən nöqsanlarla bağlı qeydlər aparılmış və resipiyentlərin yekun hesabatları zamanı nəzərə alınmışdır.
Müşahidə Şurasının üzvləri Fondun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı ilə  bağlı fikir və təkliflərini səsləndirmiş, sənədə müsbət rəy verilməsi  ilə bağlı qərar qəbul etmişlər. Təkliflər nəzərə alınmaqla hesabatın təkmilləşdirilməsi və Azərbaycan Respublikasının Prezidentinə göndərilməsi tövsiyə olunmuşdur.
İclasda qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılmış, müvafiq işçi qrup tərəfindən hazırlanmış yeni sənəd – “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları” təsdiq edilmişdir.
Daha sonra Müşahidə Şurasının üzvlərindən və Fondun aparatının əməkdaşlarından ibarət tərkibdə yaradılmış işçi qrupun təklifləri dinlənilmiş, erməni diasporuna qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı araşdırmalarının stimullaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri – təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov,Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Fondun aparatının rəhbəri Faiq Qürbətov və baş mühasibi Elmar Talıblı iştirak etmişlər.