Sona Şıxməmmədova – “Əldən-ələ” adlı kitab layihəsi

21

Mən Sona Şıxməmmədova. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin “Əldən-ələ” adlı kitab layihəsi ilə qalib olmuşam. Təqdim etdiyim layihəyə Gənclər Fondu tərəfindən 3900 manat məbləğində vəsait ayrılmışdır.

Azərbaycan Gənclər Fonduyla tanışlığım 2012-ci ildən başlayıb. Həyata keçirdiyi layihələr marağıma səbəb olurdu və V qrant müsabiqəsi elan olunan zaman qərara aldım ki, mən də öz layihəmi təqdim edim.

Layihəm xeyriyyə məqsədi daşıyaraq, Azərbaycanın bölgələrində təhsil alan azimkanlı abituriyentlərin universitetə hazırlıq prosesinə yardım etmək üçün lazımi dərs və test ləvazimatlarının toplanması və onlara çatdırılması istiqamətində hazırlanmışdı. Layihənin icrasına başlamazdan öncə narahatçılıq keçirtdiyimiz məsələ yetərli sayda insanı cəlb edə bilmək idi. Digər məsələlərə gəldikdə isə işçi heyətinin məsuliyyətlə çalışması sayəsində ciddi problemlərlə qarşılaşmadıq.

Layihə, qeyd etdiyim kimi, bölgələrdə təhsil alan abituriyentlər üçün nəzərdə tutulmuşdu. Toplanan hazırlıq materialları Quba və Qusar rayonlarının kənd məktəblərinin, əsasən, 10-cu və 11-ci sinif şagirdləri arasında paylanıldı. Onların üzündəki təbəssümü görəndə layihəni həyata keçirtmək üçün çəkdiyimiz əziyyətin nəticəsiz qalmadığına əmin olduq.

Azərbaycan Gənclər Fondu mənə belə bir xeyriyyə aksiyasını reallaşdırmağa yardım etdi. Layihə bitəndən sonra onun necə böyük marağa və diqqətə səbəb olduğunu gördüm. Müasir cəmiyyətimizdə bu tip layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu düşünürəm. “Əldən-ələ” layihəsindən sonra digər gənclərdə də bu istiqamətdə təşəbbüslərin artdığının şahidi oldum və təbii ki, bu məni sevindirməyə bilməzdi. Artıq daha genişmiqyaslı layihələrin icrası barəsində düşünürəm.