Gənclər Fondu 6-cı qrant müsabiqəsini elan etmişdir

26

2014-cü il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Yığıncağın gündəliyinə altıncı qrant müsabiqəsinin elan olunması, layihələrin icrasının yekunu ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son 2 ildə keçirilmiş 5 müsabiqə çərçivəsində 1457 layihənin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün Fond tərəfindən 8,9 milyon manatdan artıq vəsaitin ayrıldığını bilidirmişdir. Qeyd edilmişdir ki, yeni qrant müsabiqəsinin əsas məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarətdir. Müsabiqə şərtlərini müzakirə edən Şura üzvləri “A” kateqoriyası (yerli layihələr) üzrə 8, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fiziki şəxslərin layihələri)  üzrə 7 istiqamət müəyyənləşdirmişlər. Altıncı qrant müsabiqəsinin sentyabr ayının 5-dən oktyabr ayının 20-dək keçirilməsi qərara alınmışdır.
Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat vermiş, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırmışdır. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulamış, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönəlmiş təkliflər irəli sürmüşlər.
İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi  barədə məsələ müzakirəyə çıxarılmışdır. Müşahidə Şurasının ötən iclasının qərarı ilə yaradılmış komissiya hazırladığı sənəd layihəsi barədə məlumat vermiş,  məsələyə dair müvafiq dövlət orqanları ilə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırmışdır. Səsləndirilən təkliflər nəzərə alınmaqla, siyahı Şura tərəfindən təsdiq olunmuşdur.
Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də müəyyən dəyişikliklər edilmişdir. Dəyişikliklər, əsasən,  aşağıdakı məsələləri əhatə etmişdir:
–  müsabiqə zamanı “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə müraciət edənlərin aşağı yaş həddinin 16 yaş müəyyən edilməsi;
–  layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində təsviri və maliyyə hesabatını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmaması;
–  müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 aydan az, 12 aydan çox olmaması;
–  maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləni Müşahidə Şurası tərəfindən müəyyən olunmuş müddətdə imzalamamış resipiyentlərin layihələrinə xitam verilməsi və s. Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.