Fərhad Hacıyev: “Gənclər Fondu gənclərin ideya və təkliflərini reallaşdırmaq üçün şərait yaradıb”

243

[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/W1siZiIsIjE4MTI5OS8xMzkxNDIzNzk2QEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ.jpg” ]

Gün.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

F.Hacıyevin sözlərinə görə, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanınıb:

“Yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə fonda müraciət edib və dəstək alıblar. Hal-hazırda fond tərəfindən elan olunmuş 3-cü qrant müsabiqəsi icra olunur və 4-cü qrant müsabiqəsində qalib olmuş layihələr start götürür. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, fond tərəfindən də onlarla layihə və tədbir reallaşdırılıb”. O qeyd edib ki, müsabiqələr zamanı xüsusilə regionlardan olan gənclərin aktivliyi və yeni təşəbbüslərlə çıxış etməyi sevindirici haldır: “Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətin gənclərə olan diqqət və qayğısının nümunəsidir”.

Onun sözlərinə görə, bu günə qədər 4 qrant müsabiqəsi üzrə fonda gənclərdən və gənclər təşkilatından 1507 müraciət daxil olub və onlardan 1021-i maliyyələşdirilib. Fondun icraçı-direktoru qeyd edib ki, müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilib:

“Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə bilirlər”.

O bildirib ki, artıq 50-yə yaxın gənc fonda müraciət edərək xarici ölkələrdə tədbirlərə qatılıb və Azərbaycanı təmsil edib. Onun sözlərinə görə, fond hər bir qrant müsabiqəsi zamanı gənclər arasında maarifləndirmə və aktivliyin artırılması məqsədilə nəinki Bakıda, zonal mərkəzlər olaraq seçilmiş iri şəhərlərdə də regional təqdimatlar keçirib: “Region gəncləri fondun fəaliyyəti və müraciət qaydaları barədə məlumatlandırılıblar. Belə təqdimatlarda işğal altındakı ərazilərdən olan gənclər də iştirak ediblər. Həmçinin gənclər təşkilatları və gənclər üçün infoseminarlar da keçirilib”.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondu Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Gənclər Fondu 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlayıb. Elə həmin tarixdə fond ilk qrant müsabiqəsini elan edib. Azərbaycanda ilk dəfə olaraq Gənclər Fondu gənclərin layihələrini rəsmi saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməklə onlayn formada qəbul edib.

Günel Abbasova

Gün.Az