Meyarlar

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
2015-ci il 17 fevral tarixli 01 (12) saylı
iclasının qərarı ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fonduna daxil olan
layihələrin qiymətləndirilməsi Meyarları

Layihələrin Gənclər Fondunun aparatı tərəfindən texniki ekspertizası və Fondun Müşahidə Şurası tərəfindən qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar əsas götürülür:

  1. layihənin və əlavə olunmuş sənədlərin Gənclər Fondu tərəfindən müəyyənləşdirilmiş texniki tələblərə cavab verməsi;
  2. layihənin mövzusunun Gənclər Fondunun elan etdiyi prioritet istiqamətlərə uyğunluğu;
  3. layihənin adının mövzuya və məzmuna uyğunluğu;
  4. layihənin orijinallığı, digər layihə təkliflərindən fərqli olması;
  5. resipiyentin Gənclər Fondunun əvvəlki müsabiqələrində iştirakı və hesabatlılıq vəziyyəti;
  6. layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması;
  7. layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu;
  8. layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi;
  9. layihədən faydalananların dəqiq müəyyənləşdirilməsi (mənsub olduqları sosial qrup, yaşadıqları ərazi, sayı, yaş həddi və s.) və qaldırılan problemlə bağlılığı;
  10. layihənin həyata keçiriləcəyi coğrafi ərazinin düzgün seçilməsi;
  11. layihə çərçivəsində görüləcək işlərin mümkünlüyü, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi;
  12. layihənin icra planının düzgün tərtib olunması, görüləcək işlər üçün real müddətlərin müəyyənləşdirilməsi;
  13. layihənin monitorinq və qiymətləndirmə mexanizmlərinin effektivliyi;
  14. gözlənilən nəticələrin real təsvir olunması, konkretliyi və layihədə qaldırılan problemin həllinə təsiri;
  15. layihənin davamlılıq göstəriciləri;
  16. layihənin icrası zamanı yarana biləcək risklərin düzgün təsvir olunması;
  17. layihənin büdcəsinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, Gənclər Fondunun tələblərinə və görüləcək işlərə uyğun tərtib olunması;
  18. layihəni icra edəcək gənclər təşkilatının layihə idarəetməsi sahəsində müvafiq təcrübəyə malik olması.